Əmir Teymur, Topal Teymur, yoxsa Teymur Ləng… hansı ilə xitab edəcəyimə tərəddüd edirəm.
Əmir Teymur əvvəlcə döyüş səhnələri ilə – qaranlığın və sükutun sinəsini dəlib peyda olur. Döyüşdən döyüşə qılıncının yaddaşında daşıdığı ah-nalələr hər tərəfə yayılır və yayıldıqca qaranlığın içindən onun amiranə bənizi sezilir.
O öz yuxusunun nəqli ilə sözə başlayır:
“Bu gecə gördüyüm röya... Elə bil ki, həqiqətin libasını geyinmişdi...”
Qarşımda dayananın Əmir Teymurun özü, yoxsa kölgəsi, oxşarı, yoxsa əkizi olduğu onun gördüyü röya kimi həqiqət libasına bürünür.
“Niyyət və əməl düzdürsə, ədalət bir axsaq sərkərdənin çiyinlərində də rahətliklə yayılar…”
Əmir Teymurun dilindən bu sözləri eşidəndən sonra, ona necə xitab edəcəyimin bir o qədər fərqi olmadığını başa düşürəm…
***
Əməkdar artist Abbas Qəhrəmanov… Əgər Azərbaycan kinosunda Əmir Teymurun o möhtəşəm obrazını canlandırmaq nəhəng Yusif Vəliyevin taleyinə yazılmışdısa, yüksək səslə demək mümkündür ki, Azərbaycan teatr tarixində Abbas Qəhrəmanova bu möhtəşəm rola görə belə müraciət etmək olar:
Abbas Qəhrəmanovun sayəsində Əmir Teymur Bakıda dirildi!
Abbas Qəhrəmanovun Əmir Teymur libasında sağ ayağını ardınca sürüyərək yerişinə baxdıqca əvəzsiz şairimiz Salam Sarvanın o məşhur misraları dodağımda pıçıldanır:
Dünyanı anlamaqçün bax o Topal Teymurun axsaq ayaqlarıyla möhtəşəm yerişinə…
***
Pərviz Seyidlinin pyesi əsasında Bəhruz Vaqifoğlunun quruluşçu rejissorluğu ilə səhnə həyatı qazanan “Ləng: Zamanla yarışan insan” tamaşasından bəzi epizodları xüsusi vurğulamaq yerinə düşər.
Yaxın adamlarından biri – Xacə Qiyasəddinin xəyanəti nəticəsində sui-qəsdə uğrayan Əmir Teymur hətta o qədər təlatüm keçirir ki, öz kölgəsindən belə vahiməyə düşür. Ucsuz-bucaqsız torpaqları öz hökmünə tabe edən bu axsaq sərkərdə belə insanın daxilində əbədi mövcud olan qorxu hissindən ayrı düşmür. Bu sui-qəsd planının başında Toxtamış xanın dayandığını eşidəndə pəjmürdəliyi daha da artır.
...Və zəhmindən dağ-daş lərzəyə gələn Teymur öz xanımının – Saray xatunun yanında rahatlıqla göz yaşı tökə bilir... Saray xatun onun yalnız axsaq – sağ ayağını ləyənin içinə qoyub Əmir Teymuru növbəti hücumdan çəkindirməyə, böyüklüyünü tərənnüm edib növbəti müharibə fikrindən daşındırmağa çalışır... Maraqlıdır, növbəti səhnələrin birində xain, vaxtilə yaxın münasibətləri olan bu iki şəxs arasında nifaq toxumu səpməklə vəzifələndirilmiş Anna isə Toxtamışın təkəbbür hissini artıraraq onu döyüşə səsləyir, onun qoynuna girərək fikrini ovsunlayır.
Əmir Teymurun o topal ayağını suya qoyub yumaq elə onunla sevişmək demək idi!
Və bu iki qadın obrazının fonunda xeyirlə şərin ziddiyyətinin mənzərəsi necə də aydın görünür.
Əmir Teymur Saray xatuna deyir:
Yanımda ol ki, heç bir xəyanət Teymuru sındıra bilməsin!
Saray xatun Teymurun topal ayağını yuduğu suyu aparıb torpağa tökür:
Ağrın, yükün torpağa qarışıb sənə güc versin, əmirim...
***
Toxtamış xanın niyyəti Əmir Teymuru öz ordusu ilə Qıpçaq çölünə (Dəşt-i Qıpçaq) çəkmək və o yerlərin amansız soyuğu ilə məğlubiyyətə sürükləmək idi.
Qəribədir, o buz kəsən soyuğun içində boz kürkünə bürünən Əmir Teymur səhnənin dərinliklərindən axsaq ayağı ilə elə əzəmətli göründü ki, sanki Tanrının göndərdiyi bir şəxs gəlirdi. Qıpçaq çölünün buzu onu bir az da kəskinləşdirmişdi... Və bundan daha qəribəsi də odur ki, Teymur əlini göylərə açıb Tanrıdan güc istəyəndə ona bu sözləri deyirdi:
...Ordum məni Allah tərəfindən seçilmiş biri kimi görür... Onlar mənə Tanrının əli deyirlər...
O gəlişin ardınca bənna daşı kimi yerinə oturan sözlərdir...
***
Toxtamış xan Əmir Teymura məğlub olur və onlar qarşılaşanda Toxtamış öz təkəbbürünü etiraf edir. Tək böyüklük ehtiraslı, vahid güc arzusu Əməkdar artist Anar Heybətovun ağrı və inad dolu səsi ilə ətrafa yayılır. O bu sözləri də ilan kimi fısıldayan – nitqində “s” səsinin alliterasiyası var idi – Annanın nifaq toxumlarının təsiri, onun səsi və xəyali diktəsi ilə deyir:
– Sən mənim yerimi tutmusan.
– Heç kəs heç kəsin yerini tutmur, Toxtamış – Əmir Teymur cavab verir.
Əsərin finalı isə növbəti günlərdə də tamaşaçını təsirdə saxlayır. Əmir Teymura İldırım Bəyaziddən namə gəlir. Teymur Osmanlı hökmdarından gələn məktubu oxuyanda səhnədə hər iki tərəfdən asılmış zəncir yerə düşür, fonda ay görünür və Teymur deyir:
İlahi, onları əfv eylə! Onlar nə etdiklərini bilmirlər!
Müharibə davam edəcək... Bu anonsun qorxusu ilə yaşamaq çətindir. İndi təsvir olunan hadisənin üstündən neçə əsr keçib, amma dünya yenə hərb təşnəsində silkələnir...
***
Azərbaycan dramaturgiyasını köhnəlik, nimdaşlıq libasından xilas etmək yolunda qollarını çırmalamaqda, ənənəvi repertuarların, çeynənilmiş pyeslərin qarşısını almaqda səy göstərən hər bir yaradıcı şəxs vicdanı qarşısında hesabatda alnı açıq olacaq — elə Əmir Teymur kimi!
Ən yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndəsi Pərviz Seyidlinin belə ağır tarixi yükə malik pyesinin teatr məbədində — Akademik Milli Dram Teatrında oynanılması əlamətdar hadisədir. XIX əsrin sonu, XX əsrin əvvəllərinin maarifçilərinin, Sovet dövrünün romantiklərinin pyeslərinin çevirib-çevirib yenidən didişdirmək, zorən tamaşaçıya sırımaq bu gün teatr sənətimizə başucalığı gətirməz. Yeni pyeslər lazımdır. Və yaxşı ki, indi bu yeni pyesləri yaradan şəxslərdən biri gəncdir. Yuxarıda yazdıqlarım pyesin gücünü müəyyən qədər göstərir, amma daha dəqiq tutmaq üçün izləmək lazımdır. Yeni səhnəyə qoyulan əsər haqqında çox detallı yazmaq düz olmaz. Bəlkə, nə vaxtsa daha dəqiq təhlil etmək münasibdir.
Bəhruz Vaqifoğlu... Teatr sənətinin həqiqi aydınlarından biri, heç kimə bənzəməyən yanaşması ilə yeni məktəb yaradan mərhum Vaqif İbrahimoğlunun isminin yanında Bəhruz özü də çox aydın görünməyi bacarıb. Onu aktyor kimi tanımışam. Bu əsərin quruluşunda isə çox az səhnə dekorundan istifadə ilə şəkillər, səhnələr və pərdələr arasında peşəkar keçidi xüsusi qeyd etmək lazımdır. Xaotik məqamların, ələlxüsus döyüş səhnələrindəki qarışıqlığın öhdəsindən gəlmək tamaşanın müsbətləri sırasındadır.
Bu açıq final isə bəşəriyyətə ünvanlanan nidadır:
Onlar nə etdiklərini bilmirlər!
***
Teatrdan çıxıb üzü Füzulinin heykəli doğru gedərkən sağ ayağımı bilərəkdən çəkdiyimin fərqinə vardım. Sanki Abbas Qəhrəmanovun canlandırdığı obrazın fiziki olaraq fərqinə varmaq arzusu var idi... Yaxşı əsərlər belədir, yaxşı əsərlər bəzən adamı axsadır...
Nadir Yalçın,
Xüsusi olaraq “BUTA.TV” üçün
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət