Qənirə xanım... Gözəl, xanım-xatın, savadlı, gülərüz, mehriban... o qədər artırmaq olar ki, bu siyahını.
Yadımdadı, kənddə kiminsə problemi, xəstəliyi, xəstəsi olanda "Qənirə Paşayevaya yazın, o, həll edər" deyərdilər.
Həmişə yardım edən, həmişə kəndçinin, kasıbın yanında olan idi.
Hansı şəhid ailəsinin narahatlığı olurdusa, "Qənirə xanıma deyək, o kömək edər" deyərdi. Şəhid analarına öz anası kimi sarılan, qazilərə bacı nəvazişi göstərən idi.
Müharibə veteranları işsiz qalıb, hər şeydən bezəndə ilk ağıllarına gələnlərdən biri və birincisi Qənirə xanım olurdu. "O, bizə iş tapar" deyə ümidlərini itirmirdilər.
Universitet vaxtı savadlı, bacarıqlı, aktiv tələbələrə müəllimlərimiz "gələcəyin Qənirəsi" deyərdilər. Bu, ən yüksək qiymət sayılırdı, fərəhlənərdik.
Gözümüzü açıb TV-də onu görmüşdük, jurnalistikanı ona baxıb sevmişdik, ona baxıb həvəslənmişdik, əlimizə televizorun pultunu götürüb, nənəmizdən müsahibə almışdıq, xəbər aparmışdıq.
“Böyüyəndə kim olacaqsan” sualına "Qənirə Paşayeva" deyə cavab verən də biz idik.
Böyüdük, jurnalist olduq. Amma bu gün jurnalistikanı bizə sevdirən xanımın ölüm xəbərini yazdıq, ən gözəl fotosunun altında "Allah rəhmət eləsin" sözlərini gördük. Bir zamanlar ona baxdığımız TV-dən onun ölüm xəbərini eşitdik.
İllərin təcrübəsi, bacarığı, dünyagörüşü, biliyi... hər şey bir anda məhv olub getdi. Geriyə isə böyük, çox böyük sevgi qaldı.
Amma bundan sonra heç kim "böyüyəndə kim olacaqsan" sualına "Qənirə Paşayeva" cavabını vermək istəməyəcək.
Bu taleyi yaşamamaq üçün.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət